Şahin Mustafayev: “Azərbaycan Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir” Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Xarici Ticarət Müstəşarlığının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, ticarət, turizm, qida sənayesi, maliyyə, neft və qaz, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, türk iş adamlarını ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa və Azərbaycanlı həmkarları ilə əlaqələrini daha da genişləndirməyə dəvət edib.
Türkiyənin Xarici Ticarət üzrə Dövlət naziri Zəfər Cağlayan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanların olduğunu, əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları, Azərbaycan və Türkiyə arasındakı iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov isə Muxtar Respublikanın investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.
Biznes forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin İxracatçılar Məclisinin direktorunun müavini Bülent Aymen və Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Cengiz Gül çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələr barədə məlumat verib, işgüzar əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin xüsusi əhəmiyyətini qeyd ediblər Kaynak/ANS press
|